Quran Möcüzələri

TORPAĞIN TİTRƏYİB QABARMASI

"...Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, titrəyib (hərəkətə gəlib) qabarar və hər gözəl cütdən bar gətirər". ("Həcc" surəsi, 5)

Bu ayədə "titrəyir" olaraq tərcümə edilən kəlmə ərəb dilində "ihtəzzət"dir və bu kəlmə "hərəkət edir", "canlanır", "titrəyir", "bitkinin hərəkət etməsi və uzanması" mənalarına gəlir. "Qabarar" olaraq tərcümə edilən "rəbət" kəlməsi isə "artar", "çoxalar", "qabarar", "inkişaf edər", "bitkinin yüksəlməsi", "ərzağın təmin edilməsi", "şişmək", "içinin hava ilə dolması" mənalarına gəlir. Ayədə qeyd edilən bu kəlmələr yağış zamanı torpağın molekulyar quruluşundakı dəyişiklikləri ən düzgün şəkildə ifadə edir. Torpaq parçaları bir-birinin üstünə keçən təbəqələrdən yaranır və bu təbəqələrin arasına daxil olan su torpaq parçalarının həcminin böyüməsinə, onların qabarmasına səbəb olur. Ayədə bəhs edilən mərhələlər elmi şəkildə bu formadadır:

1. Torpağın titrəməsi. Torpaq yağış suyunu kifayət qədər özünə çəkəndə torpaq parçalarının səthində yaranan elektrostatik yük tarazın pozulmasına səbəb olur. Bu da torpaq parçalarının titrəməsinə gətirib çıxarır. Bu titrəmə torpaqda elektrik yükünün balanslaşmasına kimi davam edir. Torpaq parçalarının hərəkətlənib titrəməsi onların su zərrələri ilə çarpışmasından da meydana gəlir. Su zərrələrinin hərəkəti müəyyən bir istiqamətdə olmur. Hər tərəfdən çarpan su torpaq parçalarının yerdəyişməsinə səbəb olur. Bu, hazırda "Braun hərəkəti" (Brownian movement) kimi məşhur olan və 1827-ci ildə Robert Braun adlı şotland botanikin tərif verdiyi mikroskopik parçaların hərəkətidir. Braun yağış damcılarının torpağa düşərək torpaq molekullarında bir növ silkələnmə və titrəyiş yaratdığını kəşf etmişdi.

2. Torpağın qabarması. Yağış yağanda müxtəlif istiqamətlərdən gələn su damcıları torpaq parçalarının titrəməsinə, beləliklə, suyu özünə çəkərək həcminin böyüməsinə səbəb olur. Çünki suyun miqdarı bol olanda torpaq parçalarının arasındakı məsafə çoxalır. Bu məsamə və boşluqlar su zərrəciklərinin və ərimiş ionların torpağın içinə daxil olmasını təmin edir. Su və suyun içində ərimiş şəkildə mövcud olan başqa qidalandırıcı maddələr təbəqələr arasında yayılır. Bu da torpaq parçalarının həcminin böyüməsinə səbəb olur. Dolayısilə, bu parçalar torpağı canlandırmaq üçün zəruri olan su anbarı kimi fəaliyyət göstərirlər. Yerin cazibə qüvvəsinə baxmayaraq, suyun heç yerə sızmadan torpaq parçaları təbəqələrinin arasına yığılması Allah`ın insanlara sonsuz mərhəmətinin nümunələrindən biridir. Əgər torpağın suyu saxlama xüsusiyyəti olmasaydı və torpaqda bu mineral anbarları yaranmasaydı, su torpağın dərinliklərinə sızar və bitkilər qısa vaxtda məhv olardı. Ancaq uca Rəbbimiz torpağı müxtəlif məhsullar çıxmasını təmin edəcək xüsusiyyətlərlə birlikdə yaradıb.

3. Torpağın məhsul verməsi. Torpaqdakı suyun miqdarı kifayət edəcək həddə çatanda toxumlar aktivləşir və bəsit qida maddələrini əmməyə başlayır. Getdikcə inkişaf edən bitkilər su ehtiyacını 2-3 ay boyunca bu depoların hesabına təmin edir. Quru torpağa yağış düşəndə baş verən proseslər yuxarıdakı ayədə üç mərhələli şəkildə bəhs edilir: torpağın titrəməsi, torpağın qabarması və torpağın məhsul verməsi. Aydın olduğu kimi, Quranda dövrümüzdən 14 əsr əvvəl bildirilən bu mərhələlər elmi izahlarla tamamilə üst-üstə düşür. Bir başqa ayədə isə bununla bağlı belə buyurulur:

“Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu dirildir, oradan dənələr çıxardırıq, onlar da ondan yeyirlər”. (Yasin surəsi, 33)